(+994) 50 210 36 48 (+994) 55 264 09 64 info@elitacademy.com
ÜMUMİ MƏLUMATLAR

Xaricdə Təhsil – Dövlət Programı Proqramda iştirak qaydaları Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq həyata keçirilir.

Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən edir. Dövlət Proqramına uyğun olaraq ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından prioritet sahələrdə tələb olunan ixtisaslar üzrə nüfuzlu xarici təhsil ocaqlarında təhsil alacaq gənclər bakalavr pilləsi üzrə 29 yaşınadək, magistratura, rezidentura və doktorantura pillələri üzrə isə 35 yaşınadək olan və “Seçim Qaydaları”nın 2.1 bəndində əks olunmuş tələblərə cavab verən Azərbaycan vətəndaşları sırasından 2 yolla seçilir. – Sənədlərin Təhsil Nazirliyinə təqdim edilməsi Təhsil Nazirliyi tərəfindən ayrı-ayrı ölkələr üçün elan olunmuş və xarici ekspertlərin iştirakı ilə təşkil olunan müsabiqələr çərçivəsində həyata keçirilir. – “Seçim qaydaları”nın 2.1.3. bəndinə uyğun olaraq təsdiq olunmuş prioritet ixtisaslar üzrə xarici ali təhsil müəssisələrinə özləri qəbul olanlar da Təhsil Nazirliyinə müvafiq sənədlərlə müraciət edə bilərlər. Bu zaman təhsil üçün nəzərdə tutulmuş təhsil müəssisəsi və ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 204s və 12 yanvar 2009-cu il tarixli, 7 s Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısı”na uyğun olaraq seçilməlidir. Bu halda xaricdə təhsil almaq iddiasında olan şəxs seçim qaydalarında əks olunmuş sənədlərlə Təhsil Nazirliyinə müraciət edə bilər. “Seçim qaydaları”nın 1.5 bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il xarici ölkələrdə təhsil almaq müddətlərini müəyyən edir, sənədlərin qəbulunu həyata keçirir və bu barədə rəsmi nəşrlərdə və internetdə məlumatlar çap etdirir. Eyni zamanda, yuxarıda qeyd olunan “Seçim qaydaları”na əsasən Gənclərin xaricdə təhsillə bağlı bütün xərcləri – vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış, gündəlik qida, minimum zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin ödənilməsi (təşkilati xərclər daxil olmaqla) dövlət tərəfindən həyata keçirilir. Tələblərin təhsili ilə bağlı bütün xərclərin məbləği hər bir ölkə və ali təhsil müəssisəsi üzrə onun və ya tərəfdaş təşkilatın rəsmi təqdim etdiyi sənədlər əsasında ayrı-ayrılıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hesablanır və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Prioritet ixtisas istiqamətləri

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 48 saylı, 15.05.2013-cü il tarixli Sərəncamı ilə 2013/2014-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün aşağıdakı prioritet ixtisas istiqamətləri müəyyən edilmişdir:

  • baytarlıq;
  • biologiya;
  • fizika;
  • iqtisadiyyat;
  • informasiya texnologiyaları;
  • kənd təsərrüfatı;
  • kimya;
  • klassik Avropa musiqisi;
  • qədim dillər;
  • mühəndislik;
  • nanotexnologiyalar;
  • neft sənayesi;
  • riyaziyyat;
  • təhsilin təşkili və idarəolunması;
  • tibb;
  • turizm.